Nikah

Bəzi mömin və möminələr nikahdan üz döndərərək dünya işlərinə sarılırlar. Onların üzrləri də müxtəlif olur: kiminin arzusu karyera qurmaqdır ki, heç kəsə möhtac qalmasın; kimisi isə sərvət toplayıb ev, maşın və sair dünya nemətlərinə sahib olmaq istəyir.

Əlbəttə, bu işlərin öz-özlüyündə bir eybi yoxdur. Lakin unutmamalıyıq ki, biz bu dünyaya yalnız dünya üçün gəlməmişik.

Evlilik barəsində çoxsaylı mötəbər rəvayətlərimiz vardır. Məsələn, Rəsulullahdan (s) nəql olunur ki, buyurub: “Kim evlənsə, dininin yarısını qorumuş olar.” Yenə ondan (s) nəql olunur ki, buyurub: “Müsəlman bir kişinin İslamdan sonra əldə etdiyi ən gözəl qazanc, ona baxanda sevinc bəxş edən, əmr etdikdə itaət edən, ondan ayrı olanda isə özünü və malını qoruyan mömin bir zövcədir.”

Həmçinin İmam Sadiqdən (ə) nəql olunur ki, buyurub: “Evli bir kişinin qıldığı iki rükət namaz, subay bir kişinin qıldığı yetmiş rükət namazdan daha üstündür.”

Bunlardan başqa da çoxlu rəvayətlər mövcuddur. Bilin ki, bu rəvayətlərdəki tövsiyələr yalnız rəmzi və quru savab xarakteri daşımır. Hər bir zahiri hökmün batini bir həqiqəti vardır. Əgər diqqətlə yanaşsaq, həmin rəvayətlərdə hikmətlərin dərin qatlarını görə bilərik. Məsələn, “dininin yarısını qorumuş olar” ifadəsi kiçik bir məna daşımır — xüsusən də bu dövrdə. Çünki sabahkı imanımızın necə olacağına ümidimiz yoxdur.

Nikah insanın kamilliyə — həm maddi, həm də mənəvi yetkinliyə — çatması yolunda böyük bir vasitədir. Çünki bu yolçuluqda insana yoldaş, sirdaş və köməkçi lazımdır. O köməkçilərdən biri insanın həyat yoldaşıdır.

Peyğəmbərdən (s) həm əhli-sünnə, həm də şiə mənbələrində nəql olunan hədisdə buyurulur: “Nikah mənim sünnəmdir. Kim mənim sünnəmdən üz döndərsə, məndən deyil.”

İmam Sadiqdən (ə) və Əmirül-Möminindən (ə) nəql olunur ki, buyurublar: “Evlənin! Çünki Rəsulullah (s) buyurub: Kim mənim sünnəmə tabe olmaq istəyirsə, bilsin ki, evlənmək mənim sünnəmdəndir.”

Allah bizi Özünün razı olduğu işlərə müvəffəq etsin!

Опубликовано
В рубрике General